Bakı. Trend:
Dünya Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) Suriyaya 20 milyon dollar məbləğində qrant ayırıb.
Trend xəbər verir ki, bunu Suriyanın maliyyə naziri Məhəmməd Yusr Bərniyə bildirib.
Qeyd olunub ki, Suriyaya təqdim olunan bu ikinci qrant dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyini, şəffaflığını və hesabatlılığını artırmağı hədəfləyir. Qrantın əsas komponentlərindən biri nazirlik daxilində maliyyə yardımlarının idarə olunması üçün “SEAFS” adlı bölmənin yaradılmasıdır. Bu bölmə milli və beynəlxalq layihələrin koordinasiyasını həyata keçirəcək, müxtəlif kanallar vasitəsilə təqdim edilən maliyyə yardımlarına nəzarəti və maliyyə intizamını gücləndirəcək.
Nazir bildirib ki, Dünya Bankının İcraçı Direktorlar Şurası Suriyada dövlət maliyyəsinin idarə edilməsinin gücləndirilməsi istiqamətində atılan addımları dəstəkləyir. O əlavə edib ki, Səhmdarlar Şurasının növbəti iclasında dəyəri 1 milyard dollardan çox olan və müxtəlif sektorları əhatə edən qrant layihələri müzakirə olunacaq. Nazir həmçinin iclasın gündəliyinə ölkəsindəki vəziyyətin müzakirəsinin də salınacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Dünya Bankı ötən il iyunun 25-də Suriyada elektrik təchizatını yaxşılaşdırmaq və iqtisadi vəziyyətin yaxşılaşmasını dəstəkləmək məqsədilə 146 milyon dollar məbləğində ilk qrantı təsdiqləmişdi.
