...

Türkiyə iqlim gündəliyini gücləndirməyi planlaşdırır - Murat Kurum

İqtisadiyyat Materials 13 Mart 2026 12:59 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP31 iqlim konfransı Türkiyədə keçiriləcək və tədbirə Antalya şəhəri ev sahibliyi edəcək. Bu gün Bakıda keçirilən forum çərçivəsində əvvəlki COP sammitlərinin rəhbərləri və nümayəndələri ilə görüş keçirdik. Görüş zamanı görülən işlər və gələcək planlar müzakirə olundu.

Trend xəbər verir ki, bunu bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri və COP31-in təyin olunmuş prezidenti Murat Kurum jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda uğurla təşkil olunan COP prosesi və Braziliyada keçiriləcək COP30 çərçivəsində əldə olunan nəticələr gələcək mərhələdə daha da inkişaf etdirilə bilər:

"Məqsəd bu günədək qəbul olunmuş COP qərarlarının daha da gücləndirilməsi və onların praktik nəticələrə çevrilməsidir. Əsas məqsədimiz isə yalnız qərarlar qəbul etmək deyil, konkret addımlar ataraq fəaliyyətə keçməkdir. Bu çərçivədə inklüziv və çoxtərəfli COP rəhbərliyi həyata keçiriləcək və heç kimin diqqətdən kənarda qalmadığı bir proses bütün dünyaya nümayiş etdiriləcək. Dünən Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə də görüş keçirilib. Görüşdə əsas məqsəd dünya ölkələrinin özünü təmin edən enerji siyasətini formalaşdırmasının vacibliyi oldu. Hazırda dünyada yaşanan bir çox böhranların əsas səbəblərindən biri məhz enerji məsələsidir. İqlim dəyişikliyinə təsir edən emissiyaların təxminən 70 faizinin enerji mənbələrindən qaynaqlanır.

Bu səbəbdən hər bir ölkənin öz xüsusiyyətlərinə uyğun enerji siyasəti formalaşdırmasının vacibdir. Xüsusilə bərpa olunan enerji sahəsində addımların atılması vacibdir. Dünyada təxminən 700 milyona yaxın insanın elektrik enerjisinə çıxışının olmadığı nəzərə alsaq, həmin bölgələrdə yaşayan insanların fərqli ehtiyac və gözləntilərinin nəzərə alınmasının nə qədər vacib olduğunu vurğulaya bilərik".

O qeyd edib ki, COP31 prosesi çərçivəsində müzakirələr bu istiqamətdə davam etdiriləcək.

"Hazırlanan fəaliyyət gündəliyində gənclərin iştirakının artırılması, iqlimə davamlı şəhərlərin formalaşdırılması kimi məsələlər əsas yer tutur.

Qarşıdakı dövrdə uğurlu bir proses həyata keçiriləcəyinə inanırıq və ortaq evimiz olan dünyaya mühüm mesajlar verməyi planlayırıq. Həmçinin Türkiyənin birinci xanımı Emine Ərdoğan ilə birlikdə həyata keçirilən “Sıfır Atık” (Zero Waste) layihəsinin daha geniş şəkildə bütün dünyada yayılması planlaşdırılır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti