Bakı. Trend:
Müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ixtisas diplomlarını tanıdılması üçün Səhiyyə Nazirliyinə təqdim ediləndə klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyini bildirilir.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Sədr müavini bildirib ki, bu gün ölkədə işləyən yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidir və çox yaxşı mütəxəsislər kimi fəaliyyət göstərirlər:
“Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər. Təklif edirəm ki, burada xüsusi bir humanist yanaşma edilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsini imtahanla yoxlanılaraq diplomları tanınsın”.
Millət vəkili vurğulayıb ki, ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən 8 il təhsil almış bir həkimə işləmək üçün yenidən 5 il oxumaq tələb olunur:
“Halbuki onların 2 il ordinatura təhsili var və yenidən rezidentura pilləsini oxuyanda oxuduqları həmin ordinatura pilləsinin 2 ilini heç olmasa nəzərə alınmasını vacib hesab edirəm. Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrarən oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir”.
