...

Süni intellekt əsaslı rəqəmsal transformasiya üçün ciddi siyasi iradə, strateji üstünlük və imkanlarımız var – Kamal Cəfərov

Cəmiyyət Materials 13 Mart 2026 12:48 (UTC +04:00)
Süni intellekt əsaslı rəqəmsal transformasiya üçün ciddi siyasi iradə, strateji üstünlük və imkanlarımız var – Kamal Cəfərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanın süni intellekt əsaslı rəqəmsal inkişaf üçün çox böyük üstünlükləri və ciddi imkanları var. Ən birinci üstünlüyümüz Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli liderliyidir, strateji sabitliyimizdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ikinci üstünlüyümüz qlobal korporasiyalarla əməkdaşlıq təcrübəmizdir:

“Bizim süni intellekt və texnologiya nəhəngləri ilə işləmək üçün kifayət qədər böyük institusional bazamız var. Xüsusilə, neft və enerji sektorunda transmilli şirkətlərlə 30 illik uğurlu əməkdaşlıq təcrübəmiz bu gün rəqəmsal transformasiya sahəsinə də öz müsbət təsirini göstərir”.

Deputat əlavə edib ki, üçüncü üstünlüyümüz Azərbaycanda olan müsbət investisiya mühitidir:

“Son 20 il ərzində ölkəmizə yatırılan 350 milyard ABŞ dolları məbləğində sərmayə Azərbaycanın necə etibarlı bir tərəfdaş olduğunun ən əyani və beynəlxalq göstəricisidir”.

K.Cəfərovun sözlərinə görə, süni intellekt arxitekturası 5 əsas qat - enerji, hesablama çipləri, virtual yaddaş (bulud), süni intellekt modelləri və tətbiqlərdən ibarətdir:

“Bu zəncirin ən həlledici və təməl həlqəsi məhz enerji məsələsidir. Bu gün qürurla deyə bilərik ki, regionda Azərbaycan özünü enerji ilə tam təmin edən, qonşu və Avropa ölkələrinə enerji ixrac edən yeganə dövlətdir. Vaxtında Azərbaycanın bərpaolunan yaşıl enerjiyə qoyduğu böyük investisiyalar bizim bu gün və gələcək texnoloji və rəqəmsal uğurlarımızı şərtləndirəcək əsas amillərdən biridir.

Süni intellekt modelləri və tətbiqləri üzrə isə aparıcı qlobal, xüsusən də Amerika şirkətləri ilə sıx əməkdaşlıq edirik. Təsadüfi deyil ki, ABŞ ilə imzaladığımız strateji xartiyanın ən mühüm istiqamətlərindən biri məhz süni intellektin inkişafı məsələsidir. Eyni zamanda Çin və İsrail ilə imzaladığımız sənədlər də süni intellektlə bağlı gördüyümüz işlərə böyük töfhə verəcək.

Süni intellekt əsaslı rəqəmsal transformasiya üçün ciddi siyasi iradəmiz, strateji üstünlüklərimiz və imkanlarımız var. Bu nəhəng potensialın vahid dövlət siyasəti çərçivəsində, sinxron və sürətlə idarə olunması əsas tələbdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti