...

AYİB Orta dəhlizin inkişafı üçün Bosfor boğazı üzərindən dəmiryolu xəttinin tikintisinə kredit ayırmağı nəzərdən keçirir

İqtisadiyyat Materials 13 Mart 2026 13:13 (UTC +04:00)
AYİB Orta dəhlizin inkişafı üçün Bosfor boğazı üzərindən dəmiryolu xəttinin tikintisinə kredit ayırmağı nəzərdən keçirir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə Bosfor boğazı vasitəsilə ölkənin Asiya və Avropa hissələrini birləşdirəcək, uzunluğu 127 km olan yeni dəmir yolu xəttinin tikintisi üçün 500 milyon avroya qədər suveren kredit ayırmaq imkanını nəzərdən keçirir. Bu xətt beynəlxalq nəqliyyat dəhlizlərini, o cümlədən Orta Dəhlizi gücləndirəcək.

Trend bu barədə AYİB-ə istinadən xəbər verir.

Bildirilib ki, planlaşdırılan dəmir yolu xətti Asiya tərəfində yerləşən Çayırova stansiyasından başlayaraq Avropa tərəfində yerləşən Çatalca stansiyasında başa çatacaq. Xətt Bosfor boğazını onun şimal hissəsində yerləşən və Üçüncü körpü kimi də tanınan Yavuz Sultan Səlim körpüsü üzərində dəmir yolu üçün əvvəlcədən nəzərdə tutulmuş sahə vasitəsilə keçəcək. Xətt iki yollu, elektrikləşdirilmiş, tam siqnallaşdırılmış olacaq və həm sərnişin, həm də yük daşımaları üçün nəzərdə tutulub.

Məlumata görə, layihə İstanbuldan keçən üç beynəlxalq dəmir yolu ticarət dəhlizi üçün çatışmayan həlqəni təmin edəcək:

- Çin və Mərkəzi Asiyanı dəmir yolu və dəniz daşımaları vasitəsilə Avropa ilə birləşdirən marşrut - Transxəzər Orta Dəhlizi ;

- “İraqın İnkişaf Yolu” dəhlizi – Asiyanı Yaxın Şərq və Türkiyə vasitəsilə dəmir yolu ilə Avropa İttifaqı ilə birləşdirməli olan marşrut;

- Türkiyə–Aİ dəhlizi – Türkiyənin beynəlxalq ticarətinin üçdə birinin payına düşən marşrut.

“Layihə Türkiyənin milli logistika şəbəkəsinin dayanıqlığını, səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa, dəmir yolu ilə yük daşımalarının ötürmə qabiliyyətini və dəmir yolu nəqliyyatının payını əhəmiyyətli dərəcədə artırmağa yönəlib. Eyni zamanda logistika xidmətləri sahəsində özəl sektor investisiyalarının cəlb olunması və innovasiyaların inkişafı üçün şərait yaradacaq. Bundan əlavə, Avropa tərəfində yerləşən İstanbul Hava Limanı (IST) və Asiya tərəfində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanı (SAW) dəmir yolu şəbəkəsinə qoşulmaqla onların nəqliyyat əlçatanlığını artıracaq.

Layihənin ümumi dəyəri təxminən 7,8 milyard avro qiymətləndirilir. Layihə Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu tərəfindən birgə maliyyələşdiriləcək”, – bankın məlumatında deyilir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti