Bakı. Trend:
ABŞ administrasiyası "TikTok"un ABŞ-də fəaliyyətini davam etdirməsi ilə bağlı Çinlə əldə olunmuş razılaşmaya görə investorlardan təxminən 10 milyard dollar ödəniş alacaq.
Trend xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, yanvar ayında ABŞ və Çin "TikTok"un Amerika bölməsinin xüsusi olaraq yaradılmış konsorsiuma – "Silver Lake", "Oracle", BƏƏ-də yerləşən "MGX" və digər investorlara satılması barədə razılığa gəlib. Razılaşmadan sonra investorlar ABŞ Maliyyə Nazirliyinə təxminən 2,5 milyard dollar ödəyiblər.
Müqavilənin şərtlərinə əsasən, onlar daha bir neçə belə əməliyyat həyata keçirəcəklər və nəticədə ödənişlərin ümumi məbləği 10 milyard dollara çatacaq.
Qəzet qeyd edir ki, bu, hökumətin razılaşmanın təşkilində göstərdiyi yardım üçün misli görünməmiş dərəcədə yüksək ödənişdir. ABŞ rəsmiləri isə bildirirlər ki, bu məbləğ ABŞ Prezidenti Donald Trampın "TikTok"un ABŞ üçün qorunub saxlanılmasında və bu məsələ ilə bağlı Pekinlə danışıqlarda oynadığı rol ilə izah olunur.
