Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti inkişaf strategiyası üzərində işləyir.
Trend xəbər
verir ki, bunu Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva bu gün
Bakıda keçirilən "Banklar forumu və sərgisi"ndə deyib.
O bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə
Heyəti tərəfindən təsdiqlənmiş “2024-2026-cı illərdə maliyyə
sektorunun inkişaf Strategiyası”nda bir sıra istiqamətlər məhz
rəqəmsal, müasir dünya ilə bağlıdır: "Məsələn, açıq bankçılıqla
bağlı təşəbbüslər, fintex ekosisteminin inkişafı, rəqəmsal maliyyə
həlləri, kibertəhlükəsizlik, data analitika, nəzarətin texnoloji
əsaslarını qeyd edə bilərəm".
Sədr müavini qeyd edib ki, bu təşəbbüslərdən irəli gələrək AMB-də artıq yeni vəzifə növləri yaranıb: "Bunlara data analitiklərini, data alimlərini, kibertəhlükəsizlik mütəxəssislərini, fintex və rəqəmsal maliyyə üzrə mütəxəssisləri və s. qeyd edə bilərik. Hazırda yeni istiqamət üzrə növbəti strategiyanı yazırıq. Bu strategiya çərçivəsində artıq süni intellekt üzrə mütəxəssislərimiz olacaq".
