Bakı. Trend:
Amerika Birləşmiş Ştatları İranın terrorçu rejimini tamamilə məhv edir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
ABŞ Prezidenti iddia edir ki, İranın hərbi-dəniz qüvvələri məhv edilib, ölkənin hərbi hava qüvvələri isə artıq mövcud deyil.
“Raketlər, dronlar və bütün digər vasitələr məhv edilir, onların liderləri isə yer üzündən silinib. Bizim misli görünməmiş atəş gücümüz, tükənməz sursat ehtiyatımız və kifayət qədər vaxtımız var – bu gün bir baxın, bu dəli yaramazların başına nələr gələcək”, – deyə o yazıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
