Bakı. Trend:
Müasir dünya parçalanma ilə xarakterizə olunur, lakin bu, xaos anlamına gəlmir. Əksinə, bu, qarşılıqlı mövcud olan və bir-birinə qarşılıqlı təsir göstərən müxtəlif ekosistemlərin məcmusudur.
Trend xəbər verir ki, bu barədə iqtisadçı və çinşünas Sankt-Qallen Universitetində Çinşünaslıq üzrə Kompetensiya Mərkəzinin sabiq direktoru Yozef Mondl bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarını aradan qaldırmaq” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qlobal idarəetmə sahəsində Çin strategiyasından danışarkən, onu xüsusi bir platforma kimi nəzərdən keçirmək olar.
“Bu, çevikliyi ilə fərqlənən və müxtəlif ölkələrin iştirakına açıq olan strategiyadır. Məhz buna görə də bir çox Çin təşəbbüsləri beynəlxalq mətbuatda fəal şəkildə müzakirə olunur”, - o bildirib.
Y.Mondl qeyd edib ki, hazırda ölkələr mücərrəd konsepsiyalar axtarmırlar. Onlara praktiki nəticələr lazımdır, nəzəri həllər yox.
“Əsas məqsəd də elə budur. Buna görə də, resursların səfərbər olunmasından, təşəbbüslərin irəlilədilməsindən və ya Çinin dünyadakı rolundan danışarkən əsas sual bundan ibarət deyil ki, Çin nə zaman güclənəcək, əsas sual odur ki, o yeni əməkdaşlıq sisteminin formalaşmasında hansı rolu oynaya biləcək”, - deyə o əlavə edib.
