Bakı. Trend:
ABŞ hakimiyyəti Amerika şirkətlərinin Venesuelaya tədarük etməsinə icazə verilən mal və texnologiyaların siyahısını genişləndirib.
Trend xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş yenilənmiş ümumi lisenziyada bildirilir.
Sənədə əsasən, Amerika şirkətlərinə ABŞ-dan Venesuelaya geoloji kəşfiyyat, işlənmə, neft və qaz hasilatı, neft-kimya istehsalı, eləcə də elektrik enerjisinin ötürülməsi, saxlanması və paylanması üçün mallar, texnologiya, proqram təminatı və ya xidmətlər tədarük etməyə icazə verilir. Fevral ayında dərc edilmiş əvvəlki lisenziya isə bu cür tədarüklərə yalnız ölkədə neft və qaz istehsalı üçün icazə verirdi.
İcazə həmçinin Venesuelanın dövlətə məxsus PDVSA neft şirkəti ilə əlaqəli əməliyyatlara da şamil olunur.
Yenilənmiş lisenziya, əvvəlki versiyası kimi, Rusiya, İran, Şimali Koreya, Kuba və Çində yerləşən və ya həmin ölkələrin qanunlarına tabe olan şəxslərə aid edilmir.
