Bakı. Trend:
2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin 336 min ailə üzvünə Ünvanlı Dövlət Sosial Yardımının (ÜDSY) ödənişi təmin olunub, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği isə 422,4 manat təşkil edib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə 471,1 min nəfərə və ya ölkə əhalisinin 4,6 %-nə aylıq, 58 min nəfərə və ya ölkə əhalisinin 0,6 %-nə birdəfəlik olmaqla, ümumilikdə 529 min nəfərə və ya ölkə əhalisinin 5,2 %-nə sosial müavinət, 406,6 min nəfərə və ya ölkə əhalisinin 4,0 %-nə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib.
Hesabat dövründə əhaliyə sosial xidmətlərin proaktiv qaydada göstərilməsi tədbirləri davam etdirilmiş, 2025-ci ildə ümumilikdə 157,8 min nəfərə elektron qaydada sosial müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.
