Bakı. Trend:
Çinlə Mərkəzi Asiya ölkələri arasında münasibətlər dərin transformasiya mərhələsindən keçib.
Trend xəbər verir ki, bunu Özbəkistan Respublikası Prezidentinin yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov bu gün “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
“Artıq on il əvvəl Çin Mərkəzi Asiyanın bütün ölkələri üçün bir nömrəli investora çevrilmişdi. Ötən il Çinlə Mərkəzi Asiya arasında ticarət dövriyyəsi tarixi rekord səviyyəyə – 106 milyard dollara çatdı. Çinin regiona ümumi investisiyalarının həcmi isə 40 milyard dollara yüksəldi”, – o bildirib.
Aripov vurğulayıb ki, söhbət yalnız iqtisadiyyatdan getmir. Çinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının bütün arxitekturası dəyişir. Əvvəllər qarşılıqlı fəaliyyət əsasən ikitərəfli formatda qurulurdu, lakin bu gün Çinin daimi katibliyi olan öz formatı – “Mərkəzi Asiya + Çin” mexanizmi mövcuddur.
“Bu formatın son sammitində Çin Mərkəzi Asiya ölkələrinə kreditlər və qrantlar şəklində 3,7 milyard dollar təqdim edəcəyini vəd edib”, – deyə Aripov qeyd edib.
Onun sözlərinə görə, infrastruktur sahəsində əməkdaşlıq genişlənir, Çinlə Qazaxıstan arasında yeni quru nəqliyyat dəhlizlərinin tikintisi həyata keçirilir ki, bu da regionda logistik problemlərin həllinə kömək edir.
