Bakı. Trend:
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayı 2025-ci ilin sonuna 5,3 milyon nəfərə çatıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2006-2016-cı illər üzrə sığortaedənlər tərəfindən ödənilmiş, lakin sığortaolunanların (hərbçilər və xüsusi rütbəli şəxslər daxil olmaqla) fərdi hesablarında əks etdirilməmiş 1 440,6 milyon manat vəsaitdən 2020-2024-cü illərdə görülmüş əməktutumlu fəaliyyətin nəticəsi olaraq sığortaolunanların fərdi hesablarına əks etdirilmiş məbləğlər ümumilikdə 89 %-ə və ya 1 276,8 milyon manata çatdırılıb.
2025-ci ildə 731 dövlət icbari şəxsi sığorta hadisəsi üzrə 760 şəxsə 2,9 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanları əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmələr həyata keçirilir.
2025-ci ildə 222 nəfərə təyinat aparılıb, bu istiqamət üzrə ödənilmiş vəsaitin ümumi məbləği 1,4 milyon manat təşkil edib. Eyni zamanda, birdəfəlik ödəmənin verilməsinə başlanıldığı 2022-ci il 2 avqust tarixindən təyinat sayı ümumilikdə, 17 796 nəfər (o cümlədən 1 402 müharibə əlilliyi olan şəxsin 2 872 vərəsəsinə), ödənilmiş vəsait isə 115,0 milyon manat təşkil edib.
Hesabat ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət icbari şəxsi sığorta” altsisteminin istifadəyə verilməsi ilə bağlı işlər davam etdirilib və hazırda yekunlaşmaq üzrədir.
