...

Bakıda zəngin mənəvi mədəniyyətə malik dünya vətəndaşı haqda "Gəl səndən danışaq, Humay" adlı xatirə gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 13 Mart 2026 12:53 (UTC +04:00)
Bakıda zəngin mənəvi mədəniyyətə malik dünya vətəndaşı haqda "Gəl səndən danışaq, Humay" adlı xatirə gecəsi keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Konservatoriyası “Huma Quşu” Təhsilə Yardım Fondu ilə birgə “Gəl səndən danışaq, Humay” adlı xatirə gecəsi keçirib.

Trend xəbər verir ki, tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə çıxış edərək bildirib ki, gecənin əsas məqsədi 36 yaşında faciəvi şəkildə dünyasını dəyişmiş Humay Quliyevanın obrazını gənclərə mümkün qədər dolğun şəkildə təqdim etməkdir.

O qeyd edib ki, Humay Quliyeva zəngin mənəvi mədəniyyətə, yüksək intellektə və ünsiyyət mədəniyyətinə malik bir insan idi və qısa ömrünü dünyanın müxtəlif yerlərində ehtiyacı olan uşaqlara yardım etməyə həsr etmişdi.

Humay Quliyeva beynəlxalq humanitar təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib, Azərbaycanın, Amerikanın və Afrikanın da daxil olduğu bir çox ölkədə müxtəlif humanitar aksiyalarda iştirak edib. O həmçinin, Avropada Azərbaycanlı Tələbələr Forumunun fəal iştirakçılarından biri olub və bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edib.

Məhz buna görə də onun vəfatından sonra “Huma Quşu” Təhsilə Yardım Fondu yaradılıb. Fondun əsas məqsədi aztəminatlı ailələrdən olan istedadlı və qabiliyyətli gənclərə maliyyə dəstəyi göstərərək onların həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistr səviyyəsində keyfiyyətli təhsil almasına imkan yaratmaqdır. Fond eyni zamanda onların cəmiyyət üçün faydalı, xeyirxah və vətənpərvər gənc vətəndaşlar kimi formalaşmasına dəstək verir.

Bundan əlavə, fond Qarabağ müharibəsi veteranlarına da maliyyə dəstəyi göstərir, onların müasir texnologiyalar sahəsində müxtəlif kurslarda təhsil almasına, ixtisaslarını artırmasına və yeni peşələrə yiyələnməsinə kömək edir.

“Huma Quşu” fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova qızı haqqında çox təsirli xatirələrini bölüşüb.

“Huma Quşu” Təhsilə Yardım Fondu tədbirin təşkili və məzmununa verdiyi böyük dəstəyə görə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə, Azərbaycan Respublikasının Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimova, Azərbaycan Respublikasının Əməkdar artistləri Elnur Əhmədova və Emil Əfrasiyaba, musiqişünas Şəfaqət Məmmədovaya, AMK tələbələri vokalçılar Azər Çələbiani, Sevil Əsədullayeva, Araz İmanov, Aydan Salahova və Ülkər Abdullayevaya, kamança ifaçısı Reza Mohammedi, fortepiano ifaçıları Cəlal Səmədov və Əməkdar müəllim Naibə Şahməmmədova, nağara ifaçıları Siyavuş Kərimov və Səyyar Teymurova, bas gitaraçı Kənan Sadıqova, Humayın şeirinə bəstələnmiş mahnının müəllifi Pikə Axundova və mahnının ifaçıları Nuray Hacızadə, Leyla Abdulrəhimova və Fatimə Əlizadəyə, eləcə də bütün tədbir iştirakçılarına xatirə gecəsinə verdikləri əvəzsiz dəstəyə görə dərindən təşəkkür edir.

Gecə ərzində Humayın obrazı müxtəlif xatirələr, onun öz yazıları, ona həsr olunmuş mahnılar, həmçinin onun ifa etməyi sevdiyi Azərbaycan və xarici bəstəkarların əsərləri vasitəsilə təqdim olunub. Tədbirdə Humayın dostları Xumar Hüseynova və Leyla Cahangirova, BP və BQXK müxtəlif ölkələrdə nümayəndəliklərinin əməkdaşları Kler Bebbinqton, Samir Hacımustaviç, Catherine Po, Silvia Izzo, Katia Gia Caterina, Tanya Brown-un xatirələri səsləndirilib, “Humayla birlikdə oxuyaq” və “Humayı xatırlayaraq” formatında çıxışlar təqdim olunub, onun sözlərinə yazılmış mahnı ifa edilib və konservatoriya tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Konsert proqramında xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, əməkdar artistlər Elnur Əhmədov və Emil Əfrasiyab, musiqişünas Şəfaqət Məmmədova, konservatoriyanın tələbələri və gənc istedadlar çıxış ediblər.

“Huma Quşu” fondu xatirə gecəsinin keçirilməsinə və Umayın əziz xatirəsinin yad edilməsinə görə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.

Fond haqqında daha ətraflı məlumatı rəsmi internet saytından əldə etmək mümkündür: https://humagushu.az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti