Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə (HHM) sistemləri martın 13-də İran istiqamətindən buraxılan 7 ballistik raketi və 27 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, İranın hücumları başladığı vaxtdan etibarən BƏƏ hərbçiləri ümumilikdə 285 ballistik və 15 qanadlı raketi, eləcə də 1 567 pilotsuz uçuş aparatını zərərsizləşdiriblər.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
