Bakı.Trend:
2025-ci il dövlət büdcəsinin investisiya xərclərinin bölgüsündə Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 566,6 mln. manat vəsaitin 30,0 mln. manatı rayonlararası və kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, son illər ərzində Dövlət İnvestisiya Proqramı çərçivəsində Şamaxı rayonu ərazisində 15 yaşayış məntəqəsini əhatə edən, 23 min əhalinin yaşadığı ümumi uzunluğu 72,8 km təşkil edən yerli əhəmiyyətli avtomobil yollarının, o cümlədən Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 81,5 km olmaqla şəhər ərazisini əhatə edən avtomobil yollarının təmiri işləri həyata keçirilib.
Eyni zamanda, Şamaxı rayonu ərazisində yerləşən, Çıraqlı, Mədrəsə-Kərkənc, Mirikənd-Qaravəlli-Məlcək Qurdtəpə, Şirvan, Günəşli və Şərədil kəndlərini Bakı-Şamaxı-Yevlax magistral yolu ilə birləşdirən, ümumi uzunluğu 29,0 km olan avtomobil yollarının əsaslı təmiri işlərinin 2026-cı ilin Dövlət İnvestisiya Proqramı layihəsinə daxil edilməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təklif İqtisadiyyat Nazirliyinə təqdim olunub.
Bundan başqa, 2026-2029-cu illərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulmuş layihələrin siyahısında Şamaxı rayonunda yerləşən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması nəzərdə tutulmuş və icrası mərhələli şəkildə həyata keçiriləcəkdir.
