...

Ötən il işəgötürənlər barəsində 10 milyon manatdan çox inzibati cərimə tətbiq olunub

Cəmiyyət Materials 13 Mart 2026 11:02 (UTC +04:00)
Ötən il işəgötürənlər barəsində 10 milyon manatdan çox inzibati cərimə tətbiq olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində müxtəlif orqanlardan daxil olmuş materialların və vətəndaş müraciətlərinin araşdırılması zamanı 6,9 min halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, törədilmiş inzibati xətalara görə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 10,6 milyon manat məbləğində inzibati cərimə tətbiq olunub, həmin cərimələrdən 3,1 milyon manatının dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hesabat ilində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı İşlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı Xidmətə 22 fakt üzrə müraciət olub, bu məlumatlar əsasında 8 hüquqi şəxs barəsində iş üzrə icraata başlanılıb və inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilib. Xidmət tərəfindən 16 vəzifəli şəxs barəsində inzibati qərarlar qəbul edilərək 51,7 min manat məbləğində inzibati cərimə tətbiq olunub.

2025-ci ildə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar 732 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və törədilmiş inzibati xətalara görə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 3,0 milyon manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub.

Xidmət tərəfindən görülmüş tədbirlərin nəticəsi olaraq vətəndaşlara ödənilməsi gecikdirilmiş 842,3 min manat məbləğində vəsaitin (onlardan 93,6 % əməkhaqqı, 1,7 % zərərə görə ödənc, 4,7 % sosial müavinət və kompensasiya) ödənilməsi təmin edilib. Hesabat dövründə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib, habelə işçilərin əmək hüquqlarının bərpası ilə bağlı işəgötürənlərə 4 629 icrası məcburi olan göstəriş verilib.

2025-ci ildə işəgötürənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin vəzifəli şəxsləri tərəfindən 2 148 halda 2,2 milyon manat (o cümlədən, elektron audit modulu vasitəsilə 1 827 halda 1,8 milyon manat), 469.1-ci maddəsi üzrə Xidmətin vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən 1 911 halda 3,0 milyon manat (o cümlədən elektron audit modulu vasitəsilə 1 407 halda 2,1 milyon manat) inzibati cərimə tətbiq edilib.

2025-ci ildə dövlət orqanlarından Xidmətə daxil olmuş materialların araşdırılması zamanı işəgötürənlər tərəfindən 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkar edilib və bu faktla əlaqədar işəgötürənin vəzifəli şəxsinə 6,0 min manat, 1 halda isə uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi faktı aşkar edilib və 3,3 min manat məbləğində inzibati cərimə tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti