Bakı. Trend:
Çin Azərbaycanda süni intellekt və elmi-innovasiya sahəsinin inkişafına dəstək göstərməyə hazırdır.
Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bu gün Bakıda keçirdiyi brifinqdə söyləyib.
“Çin süni intellekt, biotibb, bioəczaçılıq, robototexnika və kvant texnologiyaları sahələrində tədqiqatlar, tərtibatlar və texnologiyaların praktiki tətbiqi üzrə dünyada aparıcı mövqelərdən birini tutur. İnnovativ inkişaf strategiyasının irəlilədilməsi fonunda elmi-texniki nailiyyətlər Çinin iqtisadi artımının mühüm hərəkətverici qüvvəsi olaraq qalır və beynəlxalq elmi-texniki əməkdaşlıq üçün yeni imkanlar yaradır”, – deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, Azərbaycanda da süni intellekt ekosisteminin və rəqəmsal iqtisadiyyatın inkişafına böyük diqqət yetirilir.
“Əminik ki, Azərbaycan bu istiqamətdə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək və Çin innovasiyaların və yüksək texnologiyaların inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır”, – deyə L.Mey vurğulayıb.
