Bakı.Trend:
Abşeron yarımadası ərazisində yerləşən yaşayış məntəqələrinin tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihəyə uyğun olaraq yeni yaşayış massivləri ərazisində mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılması üçün ilkin mərhələdə daşıyıcı kanalizasiya kollektorlarının, növbəti mərhələdə isə kanalizasiya şəbəkəsinin inşası nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, ilkin mərhələdə Abşeron yarımadası ərazisində yerləşən yaşayış məntəqələrində formalaşan tullantı sularının idarə olunması məqsədilə 7 əsas daşıyıcı kollektorların (Dərnəgül Bakıxanov Qaraçuxur Hövsan kanalizasiya kollektoru; Zığ Hövsan kanalizasiya kollektoru; Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu; Sahil kollektorunun yenidən qurulması; Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu; Böyükşor hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı su təmizləyici qurğu; Pirşağı tullantı su təmizləyici qurğusunun gətirici kanalizasiya kollektorları) tikintisi məqsədəmüvafiq hesab edilib.
Hazırda magistral kanalizasiya kollektorlarının ilkin mərhələsi üzrə tikinti quraşdırma işlərinə başlanılması üçün hazırlıq işləri görülür. Layihəyə uyğun olaraq magistral kanalizasiya kollektorlarının tikintisi ilə mənsəb nöqtəsinin yaradılması tamamlandıqdan sonra qəsəbələrdə toplayıcı kanalizasiya şəbəkələrinin mərhələli inşası dövlət investisiya proqramı çərçivəsində həyata keçiriləcəkdir.
