Bakı. Trend:
Tədqiqat və işləmələrə çəkilən dövlət xərcləri ötən illə müqayisədə 2,1 dəfə artaraq 262 milyon manat təşkil edib. Xaricdə təhsil dövlət proqramı çərçivəsində 500 azərbaycanlı gənc dünyanın 14 ölkəsinin 65 nüfuzlu universitetində təhsil almağa göndərilib. Belə tələbələrin ümumi sayı 1 794-ə çatıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Sədr müavini vurğulayıb ki, nailiyyətlərlə yanaşı, gənc nəslin tədris və tərbiyə olunması prosesində ciddi çağırışlarla da üzləşirik:
“Onlardan biri sosial şəbəkələrin nəzarətsiz vəziyyətdə olması və bunun gənclərin tədrisinə və təhsilinə təsiridir. Müasir gənc artıq yalnız müəllimdən öyrənmir, eyni zamanda saatlarla sosial şəbəkələrdə vaxt keçirərək oradan böyük həcmdə zərərli məzmun alır. Bu, eyni zamanda ideoloji baxımdan da ölkəmiz üçün təhlükəli bir fenomendir”.
Millət vəkiıli bildirib ki, təhsilimizin məzmununu və pedaqogikasını ciddi şəkildə dəyişməyə ehtiyac yaranıb.
“Dərs məzmununu gənclərə daha interaktiv və maraqlı üsullarla çatdırmalıyıq ki, onlar sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsinlər. Düşünürəm ki, bununla bağlı Baş nazirin rəhbərliyi altında xüsusi dövlət proqramı həyata keçirilməlidir”, - deyə o fikrini yekunlaşdırıb.
