Bakı. Trend:
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələrin aparılması və sağlam həyat tərzinin təşviqi istiqamətində tədbirləri davam etdirir.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti tibbi aksiya martın 13-də Ağdam şəhərində baş tutub. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti — artroloq, nevroloq, travmatoloq, pediatr, dermatoveneroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən sakinlər üçün səyyar tibbi müayinələr təşkil edilib.
Aksiya çərçivəsində vətəndaşlar nevroloji, artroloji,
travmatoloji, dermatoloji, fizioterapevtik və pediatrik
reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçirilib. Eyni
zamanda, nevroloqlar tərəfindən EMQ (elektromioqrafiya) müayinələri
də aparılıb.
Müayinələr zamanı səhhətində müəyyən problemlər aşkarlanan
sakinlərə həkimlər tərəfindən ətraflı tibbi məsləhətlər verilib və
zəruri hallarda müvafiq müalicə tədbirləri təyin olunub.
Tibbi baxışlar əsasən orta yaşlı əhali arasında onurğa, sinir
sistemi, dayaq-hərəkət aparatı, dəri-zöhrəvi və serebrovaskulyar
xəstəliklərin erkən aşkarlanmasına yönəlib. Bundan əlavə, 16–65 yaş
arası şəxslər arasında skolioz və digər vertebrogen problemlərin
diaqnostikası və bərpası aparılıb, 14 yaşadək uşaqlar isə pediatr
müayinəsindən keçirilib.
Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqları
tərəfindən profilaktik tövsiyələr də verilib. Bildirilib ki,
fizioterapiya prosedurlarının tətbiqi zamanı pasiyentin yaşı, əsas
və yanaşı xəstəlikləri, eləcə də gündəlik həyat fəaliyyəti mütləq
nəzərə alınmalıdır.
Aksiya çərçivəsində 215-ə yaxın vətəndaş tibbi müayinələrdən
keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuş
digər ərazilərdə də əhali üçün mütəmadi olaraq maarifləndirici
tədbirlərin və səyyar tibbi müayinə aksiyalarının keçirilməsi
nəzərdə tutulur.
