Bakı. Trend:
Beynəlxalq əməkdaşlığa qarşı yönəlmiş mənfi ritorika bir çox qlobal problemlərin həllini ləngidir.
Trend xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Pyotr Stoyanov “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş “Danışıqlardan kənarda: COP-un dayanıqlığı uğrunda mübarizə” adlı panel iclasında deyib.
“Planlaşdırma və idarəetmədə ictimai təhlükəsizlik prinsipinin gücləndirilməsi zəruridir. Bu prinsip yaxşı məlumdur, onilliklər boyu sınaqdan çıxıb və milli hökumətlərin, biznesin, vətəndaş cəmiyyətinin, həmçinin bu iştirakçıların transmilli şəbəkələrinin artan iştirakı ilə xarakterizə olunur. Bu isə daha fəal beynəlxalq əməkdaşlıq və çoxtərəfliliyə qarşı yönəlmiş populist meyillərə qarşı qəti mübarizə deməkdir”, – deyə o bildirib.
P.Stoyanov qeyd edib ki, belə populizm milyonlarla insanın ehtiyaclarına birbaşa ziddir. Onun sözlərinə görə, hazırda milyonlarla insan müharibələrdən əziyyət çəkir və insanlar sağ qalmaq barədə düşündükdə, istixana qazı emissiyalarının azaldılması ideyası onlara aktual görünmür.
