Bakı. Trend:
Ağdam, Füzuli rayon məhkəmələri və Füzuli Hərbi Məhkəməsi üçün yeni inzibati binalar inşa ediləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, hesabat ilində Şuşa Rayon Məhkəməsinin Xankəndi şəhərinə köçürülməsi təmin edilib, həmçinin Xankəndi Şəhər Məhkəməsinin inzibati binasında IT infrastrukturunun yaradılması və “Elektron məhkəmə” informasiya sisteminin istifadəyə verilməsi üzrə işlər davam etdirilib.
Bundan başqa, Şuşa Rayon və Xankəndi Şəhər məhkəmələrinin yerləşdiyi inzibati binalarda məhkəmə zallarının informasiya və kommunikasiya texnologiyaları ilə təchizatı işi yekunlaşmaq üzrədir.
Ağdam, Füzuli rayon məhkəmələri və Füzuli Hərbi Məhkəməsi üçün yeni inzibati binaların inşasının nəzərdə tutulması ilə bağlı müvafiq qaydada müraciət olunub.
