Bakı. Trend:
Bazar ertəsi gecə Tayvanın cənub-qərbinə çatan "Danas" qasırğası ciddi fəsadlara yol açıb.
Trend-in Fövqəladə İdarəetmə Mərkəzinə istinadla verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 28 nəfər xəsarət alıb, 2853 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsi bildirib ki, qasırğa 40–50 m/s sürətlə əsməkdə olan küləklər və güclü yağışlarla müşayiət olunub.
Nəticədə 85 113 ev elektrik enerjisiz qalıb. Enerji təchizatı qismən bərpa edilsə də, 48 671 ev hələ də işıqsızdır. Sahilyanı ərazilərdə məktəblər və ofislər bağlanıb, fövqəladə tədbirlər görülməkdədir.
Sinoptiklərin məlumatına əsasən, "Danas" tayfunu hazırda adanın qərb sahili boyunca şimala doğru hərəkət edir. Yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa çağırır.