Bakı. Trend:
İtaliyanın şimal bölgələrində hökm sürən əlverişsiz hava şəraiti ciddi fəsadlara yol açıb.
Trend-in məlumatına görə, Milanda yağan leysan yağışları nəticəsində evlər, küçələr və iş yerləri su altında qalıb. Güclü fırtına ağacların yollara və avtomobillərin üzərinə aşmasına səbəb olub. Nəticədə 63 yaşlı qadın həyatını itirib, daha iki nəfər yaralanıb.
Qısa müddət ərzində şəhərə 35–45 millimetr yağıntı düşüb. Ehtiyat tədbiri olaraq şəhər parkları bağlanıb. Həmçinin Milan–Roma sürət qatarına ildırım düşüb. Qatar hərəkətini dayandırıb, sərnişinlər digər qatara təxliyə olunub. Xətdə 50 dəqiqəyədək gecikmə qeydə alınıb. Mülki müdafiə qüvvələri gün ərzində 150-dən çox hadisəyə müdaxilə edib.
Florensiyada da güclü küləklər ağacların avtomobillərin üzərinə aşmasına səbəb olub. Küləyin sürəti saatda 43 kilometrə çatıb. Montespertolidə isə cəmi bir saatda 60 millimetrədək yağış yağıb.
Toskana regionunda son 12 saat ərzində 27 min ildırım qeydə alınıb. Təbii fəlakət fonunda hakimiyyət orqanları və fövqəladə xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.