Bakı. Trend:
10 aprel 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan
Respublikası və Almaniya Federativ Respublikası Xarici İşlər
Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu
keçirilib.
XİN-dən Trend-ə verilən xəbərə
görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini
Fariz Rzayev, Almaniya nümayəndə heyətinə isə Almaniya Federativ
Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və
Mərkəzi Asiya ölkələri üzrə müvəkkili Niklas Vaqner rəhbərlik
edib.
Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə
siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, davamlı siyasi
dialoqun saxlanılması baxımından qarşılıqlı səfərlərin və
beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə
əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji
enerji və nəqliyyat layihələri barədə məlumat təqdim edilib.
Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində
mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə
də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə
diqqət yönəldiblər.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət,
Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin
olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş
ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və
minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.
