...

Deputat büdcə vəsaitini mənimsəyənlərə vəzifə qadağası təklif etdi

Cəmiyyət Materials 10 Aprel 2026 17:17 (UTC +04:00)
Deputat büdcə vəsaitini mənimsəyənlərə vəzifə qadağası təklif etdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslər üçün “ziyanı ödə, məsuliyyətdən azad ol” yanaşması sui-istifadə üçün zəmin yaradır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli parlamentin bugünkü plenar iclasında deyib.

Belə ki, qanun layihəsinə əsasən, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində cərimə ediləcək. Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunacaq.

Millət vəkili bildirib ki, bu əməli ilk dəfə törətmiş şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması məsələsi daha ciddi və prinsipial yanaşma tələb edir:

“Burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir. Bu şəxslər dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Bu baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır”.

Deputat bəhs etdiyi mövzu ilə bağlı müəyyən faktlar səsləndirib:

  • Birinci fakt: Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının PHŞ-nin sabiq direktoru CM-nin 179.3.2 (külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2025 ci ildə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgöz klinikası”nda və bir necə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərib.
  • İkinci fakt: Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində CM-nin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib. Daha sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunub.

“Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Əgər bir şəxs dövlət vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış kimi yenidən rəhbər vəzifələrə gələrsə o zaman bu, sadəcə hüquqi məsələ deyil, ictimai etimad və dövlət idarəçiliyinin nüfuz məsələsidir”, - deyə o vurğulayıb.

M.Məmmədli sözügedən maddənin “Bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs zərəri ödəməsindən asılı olmayaraq gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir”, - deyə dəyişdirilməsini təklif edib.

O qeyd edib ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti