Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirib. Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində AzMİU ilə bir sıra nüfuzlu Qazaxıstan universitetləri arasında mühüm görüşlər keçirilib və yeni əməkdaşlıq sənədləri imzalanıb.
Bu barədə Trend-ə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, forum çərçivəsində AzMİU tədris işləri üzrə prorektor, professor Akif Qasımov və Beynəlxalq ortaq təhsil proqramlarının idarə edilməsi sektorunun müdiri Könül Şirinova tərəfindən təmsil olunub. Görüşlər zamanı tərəflər arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, birgə təhsil proqramlarının həyata keçirilməsi, akademik mübadilə imkanlarının genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.
AzMİU-nun beynəlmiləlləşmə strategiyasına uyğun olaraq forum çərçivəsində Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə 4 mühüm sənəd imzalanıb. Bu sənədlər universitetlərarası əlaqələrin yeni mərhələyə keçməsinə və konkret təhsil proqramlarının icrasına zəmin yaradır.
İmzalanan sənədlərə aşağıdakılar daxildir:
Qazaxıstanın Beynəlxalq Təhsil Korporasiyası – KazGASA ilə
magistratura səviyyəsində “Sənaye mühəndisliyi” ixtisasının “İnşaat
materialları sənayesi” ixtisaslaşması üzrə ikili diplom proqramına
dair protokol;
E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti ilə
əməkdaşlıq müqaviləsi;
E.A. Buketov adına Karaqanda Milli Tədqiqat Universiteti ilə Orhun
Mübadilə Protokolu;
L.B. Qonçarov adına Qazax Avtomobil və Yol İnstitutu ilə əməkdaşlıq
müqaviləsi.
Bu əməkdaşlıqlar çərçivəsində tələbə və müəllim mübadiləsinin təşkili, birgə elmi layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının tətbiqi və tədris təcrübəsinin qarşılıqlı paylaşılması nəzərdə tutulur.
Qeyd edək ki, AzMİU ilə Qazaxıstan universitetləri arasında qurulan bu əlaqələr yalnız akademik sahə ilə məhdudlaşmır, eyni zamanda universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, mühəndislik və inşaat sahəsində innovativ yanaşmaların tətbiqi baxımından da xüsusi əhəmiyyət daşıyır.
Görüşlər zamanı tərəflər gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni ixtisaslar üzrə birgə proqramların hazırlanması və regional səviyyədə elmi-təhsil platformalarının yaradılması istiqamətində razılığa gəliblər.
AzMİU-nun Qazaxıstan universitetləri ilə qurduğu bu tərəfdaşlıq əlaqələri universitetin beynəlxalq nüfuzunun artmasına, tələbələr üçün yeni təhsil və karyera imkanlarının yaradılmasına, eləcə də regionda ali təhsil sahəsində inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
