...

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Gündəm Materials 10 Aprel 2026 18:37 (UTC +04:00)
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən xəbərə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının şərh edilməsinə dair Konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim O.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru A.Mirzəyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri - əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrində nəzərdə tutulan “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışı xarici hüquqi şəxsin filial və ya nümayəndəliyinin rəhbərini də ehtiva edir.

Müvafiq məsələyə baxılarkən hüquq tətbiqedən orqanlar tərəfindən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti