Bakı. Trend:
İran 1000 saatdan çoxdur ki, internetsiz qalıb.
Trend xəbər verir ki, bu barədə “Netblocks” real-vaxt rəqəmsal monitorinq platforması məlumat yayıb.
Məlumata görə, İranın intranet adlandırılan və ölkədaxili yazışmalar, bank əməliyyatları və digər xidmətlər üçün zəruri olan daxili interneti işləsə də, www-ya, yəni beynəlxalq şəbəkəyə çıxış 41 gündən çoxdur ki, yoxdur.
Yerli hökumət İranda müharibə başlayandan beynəlxalq şəbəkəyə çıxışı məhdudlaşdırıb.
Qeyd edək ki, “NetBlocks” qlobal internet monitorinq platformasıdır və müxtəlif ölkələrdə internet kəsintiləri, sosial şəbəkə məhdudiyyətləri və kibertəhlükəsizlik hadisələrini real vaxt rejimində izləyir. Platforma həm texniki ölçmələrə, həm də açıq mənbələrə əsaslanaraq rəqəmsal hüquqlar və informasiya əlçatanlığı ilə bağlı şəffaflıq təmin edir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.
