...

Azərbaycanın neft sektorunun həftəlik İCMALI

Energetika Materials 11 Aprel 2026 16:16 (UTC +04:00)
Azərbaycanın neft sektorunun həftəlik İCMALI
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə Dünya Bankı Azərbaycanda “Azerigas Gas Leak Detection and Repair Facility” qaz sızmalarının aşkar edilməsi layihəsinin təsdiqi üçün yeni tarix açıqlayıb.

Trend Beynəlxalq İnformasiya Agentliyi Azərbaycanın neft sektorunda bu həftə baş verən əsas hadisələrin icmalını təqdim edir.

Layihənin təsdiq tarixi 23 apreldən 21 may 2026-cı ilə keçirilib.

Layihənin məqsədi “Azəriqaz” tərəfindən idarə olunan qazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metan emissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarə edilməsi sahəsində potensialını gücləndirməkdir. Maliyyələşdirmənin həcmi 15 milyon ABŞ dolları təşkil edir.

Bundan əlavə, Azərbaycanın Energetika Nazirliyi bildirib ki, cari ilin 6 aprel tarixində ölkədə istehsal olunan elektrik enerjisinin 29 faizdən çoxu bərpa olunan enerji mənbələrinin payına düşüb.

Həmin gün ölkədə ümumilikdə 62,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kilovat-saatı məhz bərpa olunan enerji mənbələri hesabına təmin olunub.

12,4 milyon kilovat-saat elektrik enerjisi su elektrik stansiyalarında, 5,8 milyon kilovat-saat isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.

Dövlət başçısı tərəfindən müəyyən edilmiş strateji hədəflərə uyğun olaraq, Azərenerji Naxçıvan Muxtar Respublikasının enerji infrastrukturunun əsaslı şəkildə yenilənməsi və rəqəmsal və intellektual idarəetməyə əsaslanan müasir enerji sisteminin yaradıldığını bəyan edib.

Qurumun məlumatına görə, layihə çərçivəsində regionun enerji təchizatında mühüm rol oynayan 110 kilovoltluq “Naxçıvan”, 154 kilovoltluq “Babək” və “Çeşməbasar” yarımstansiyaları tam yenidən qurulur və işlər yekun mərhələyə çatıb.

Xüsusilə vurğulanır ki, “Naxçıvan” yarımstansiyası regionda ilk dəfə qapalı tipdə inşa olunur ki, bu da təhlükəsizliyi və operativ idarəetməni əhəmiyyətli dərəcədə artıracaq.

Aprelin 8-də Azərbaycanın maliyyə naziri, Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Sahil Babayev ölkədə səfərdə olan, Serbiya Respublikasının dağ-mədən və energetika naziri Dubravka Cedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Handanoviç qeyd edib ki, 2026-cı ilin fevralında imzalanmış və Serbiyada qazturbin elektrik stansiyasının tikintisini nəzərdə tutan saziş regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

8 aprel tarixinə Azərbaycan təbii qazının Serbiyaya tədarükünün həcmi 444,6 milyon kubmetrə çatıb.

Bu həftə “Azeri Light CIF”, “Urals” və “Dated Brent” markalı neftin orta qiymətləri azalıb, “Dated Brent” üzrə isə qiymət artımı qeydə alınıb.

Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 6,71 ABŞ dolları və ya 5% azalaraq 1 barel üçün 126,5 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazası üzrə “Azeri Light” markalı neftin orta qiyməti 1 barel üçün 121,04 ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 5,42 ABŞ dolları və ya 4,3% azdır.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 4,7 ABŞ dolları və ya 4,7% azalaraq bir barel üçün 95,69 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 109,26 ABŞ dolları, minimal qiymət isə 89,38 ABŞ dolları olub.

"Dated Brent" markalı neftin orta qiyməti isə 131,80 ABŞ dolları təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə 1,66 ABŞ dolları və ya 1,3% artım deməkdir. Həftə ərzində maksimal qiymət 144,42 ABŞ dolları, minimal qiymət isə 124,68 ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti