Qəbələ.Trend:
Azərbaycanın Qəbələ şəhərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirən ikitərəfli dəyirmi masa keçirilib. Növbəti görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Trend-in xüsusi müxbiri xəbər verir ki, Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, şəkildə delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib. Bu keçid faktının özü “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində növbəti simvolik addım olub.
İki gün ərzində dörd müzakirə sessiyası keçirilib. İştirakçılar Cənubi Qafqazda və onun ətrafında baş verən geosiyasi prosesləri və onların sülh prosesinə təsirini müzakirə ediblər. Azərbaycanlı və erməni ekspertlər həmçinin regional inkişafla bağlı öz ölkələrinin mövqeləri və baxışları barədə fikir mübadiləsi aparıblar.
İkitərəfli dialoqdan əvvəl “Sülh Körpüsü” Təşəbbüsünün nümayəndələri öz ölkələrində vətəndaş cəmiyyətinin müxtəlif seqmentləri ilə görüşlər və müzakirələr keçirərək ictimai gözləntiləri və sülh prosesinə dair yanaşmaları daha yaxşı anlamağa çalışıblar. Ayrı bir sessiyada təşəbbüs iştirakçıları bu görüşlərin nəticələrini təqdim edərək cəmiyyətlərdə mövcud əsas narahatlıqları, gözləntiləri və baxışları vurğulayıblar.
İctimai gözləntiləri nəzərə alaraq, iştirakçılar yekun sessiyanı sülh prosesinin növbəti mərhələlərində həyata keçiriləcək birgə və fərdi fəaliyyətlər barədə fikir mübadiləsinə həsr ediblər.
11 aprel tarixində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində keçirilən dördüncü ikitərəfli dəyirmi masanın iştirakçıları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Görüş zamanı regional təhlükəsizlik, sülh prosesinin siyasi səviyyədə gedişi və vətəndaş cəmiyyətinin normallaşma prosesinə töhfəsi müzakirə olunub.
İki günlük dialoq dördüncü görüşün nəticələrinin yekunlaşdırıldığı mətbuat konfransı ilə başa çatıb.
Vətəndaş cəmiyyəti nümayəndələrinin son görüşü konstruktiv dialoq, açıq müzakirələr və sülh gündəliyinə alternativin olmadığına dair bir daha təsdiq mühitində keçirilib. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun iştirakçıları sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.
Qeyd edək ki, aprelin 10–dan 12-dək keçirilən dəyirmi masada iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunur.
Görüş 12 aprelədək davam edəcək.
“Sülh Körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlı əlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya və demarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətinin bütün müvafiq prosedurlarından keçib.
Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyətinin, “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətinin və əldə olunmuş nəticələrin, eləcə də regiondakı vəziyyətin müzakirəsi daxildir.
Ayrı-ayrı sessiyalar cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsinə həsr olunacaq.
Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Trend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyev iştirak edir.
Azərbaycandan olan iştirakçılar:
1.Fərhad Məmmədov – koordinator, Cənubi Qafqaz Tədqiqatlar
Mərkəzinin direktoru.
2.Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru.
3.Ramil İsgəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri.
4.Kəmalə Məmmədova – “First News Media” (1news.az) internet
portalının baş redaktoru.
5.Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
aparıcı mütəxəssisi.
6.Dilarə Əfəndiyeva – Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi
Cəmiyyətinin nəzdində “Qadınlar, sülh və təhlükəsizlik” Mərkəzinin
rəhbəri.
7.Könül Bədəlova – İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin elmi işçisi.
8.Zaur Şiriyev – “Karnegi” Rusiya və Avrasiya Mərkəzinin
eksperti.
9.Rauf Ağamirzəyev – nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü.
10.Gülbəniz Qənbərova – “Kənd Qadınları Assosiasiyası” İctimai
Birliyinin sədri.
11.Nəzrin Əliyeva – “İnsan Hüquqlarına Dəstək Mərkəzi” İctimai
Birliyinin nümayəndəsi.
12.Sənan Rzayev – CBC telekanalının redaktoru və aparıcı siyasi
şərhçisi.
13.Emin Əliyev – TREND beynəlxalq informasiya agentliyinin baş
redaktoru.
14.Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini.
15.Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
müşaviri.
16.İlyas Hüseynov – siyasi analitik.
17.Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin
sədri.
18.Orxan Babayev – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin
əməkdaşı.
19.Orxan Amaşov – “AnewZ” baş redaktor müavini və aparıcısı.
20.Yeganə Hacıyeva – Mətbuat Şurası İdarə Heyətinin üzvü.
Ermənistandan olan iştirakçılar:
1.Areq Koçinyan – koordinator, Ermənistan Şurasının
prezidenti.
2.Boris Navasardyan – “Yerevan Mətbuat Klubu”nun fəxri
prezidenti.
3.Naira Sultanayan – Demokratiyanın İnkişafı Fondunun
direktoru.
4.Narek Minasyan – Ermənistan Şurasının assosiativ eksperti.
5.Samvel Meliksetyan – Ermənistan Şurasının eksperti.
6.Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq üzrə
Analitik Mərkəzin İdarə Heyətinin sədri.
7.Edqar Vardanyan – Ermənistan Şurasının assosiativ eksperti.
8.Robert Gevondyan – Ermənistan Şurasının eksperti.
9.Lusine Haratyan – yazıçı və mədəni antropoloq.
10.Nelli Minasyan – tarix elmləri doktoru, dosent, türkologiya üzrə
mütəxəssis.
11.Davit Stepanyan – “1in.am” saytının siyasi şərhçisi, Ermənistan
Beynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti.
12.Ruben Babayan – Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.Eleonora Sarqsyan – sülh və gender məsələləri üzrə ekspert,
gənclərlə iş üzrə mütəxəssis.
14.Naira Martikyan – “JAMnews” (Ermənistan) redaktoru,
direktoru.
15.Vazgen Karapetyan – “Avrasiya Tərəfdaşlığı” Fondunun direktor
müavini.
16.Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının siyasi
proqramlar üzrə baş redaktoru, aparıcısı.
17.Armen Petrosyan – regional siyasət üzrə ekspert, “Orbeli”
Mərkəzi.
18.Alen Amirxanyan – Akopyan Ekoloji Mərkəzinin (AUA)
direktoru.
19. Nelli Rafayelyan – jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.Ermənistan İctimai Televiziyasının operatoru.
