Bakı. Trend:
BMT hazırda Azərbaycanla çox yüksək səviyyəli əməkdaşlıq mərhələsindədir.
Bunu Trend-ə müsahibəsində BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç deyib.
O xatırladıb ki, BMT üzv ölkələrlə beşillik müddəti əhatə edən sazişlər imzalayır: "Keçən ilin oktyabr ayında 2026–2030-cu illəri əhatə edən yeni əməkdaşlıq çərçivəsini imzaladıq və bu sənəd Azərbaycanın bütün prioritetlərini əhatə edir.
Bu prioritetlər arasında ətraf mühit və şəhərsalma sahələri xüsusi yer tutur. Bizim tərəfimizdən deyə bilərəm ki, hökumətlə çox axıcı və yaxşı bir kommunikasiya mövcuddur.
Biz artıq 33 ildən çoxdur ki, buradayıq və bu müddət ərzində bir
çox əməkdaşlıq çərçivələrimiz olub. Bu yeni çərçivədə prioritetlər
daha dəqiq və daha fokuslanmış şəkildə müəyyən edilib. Azərbaycan
hökumətiniz xüsusilə bildirib ki, BMT ilə əsas əməkdaşlıq sahəsi
ətraf mühit olmalıdır. Buna görə də ətraf mühit sahəsində fəaliyyət
göstərən bütün agentliklərimiz — FAO, BMT-nin Ətraf Mühit Proqramı
və digərləri — Ekologiya və İqtisadiyyat nazirliklərinin müəyyən
etdiyi prioritetlər üzrə işləyir.
Ümumilikdə, bir cümlə ilə desək, proses çox yaxşı
sinxronlaşdırılıb. Biz Azərbaycanın nə istədiyini bilirik və bu
sahələrdə ona dəstək verməkdən məmnunuq".
O vurğulayıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətin çox yaxşı üzvüdür: "Ölkə əldə etdiyi irəliləyişləri göstərmək üçün hər il könüllü hesabatlar təqdim edir. Bu çox müsbət haldır, çünki digər ölkələr Azərbaycanın təcrübəsindən öyrənə bilir. Eyni zamanda Azərbaycan da digər ölkələrin təcrübəsindən faydalanır. Bu, BMT-nin mahiyyətidir — biz yalnız resurslar və maliyyə üzərindən deyil, həm də inkişaf təcrübələrinin paylaşılması üzərindən işləyirik. Ölkələr bir-birindən öyrənir və bu mənada Azərbaycan həm töhfə verir, həm də öyrənir".
İ. Qarafuliç eyni zamanda Azərbaycanın WUF13-ə ev sahibliyi etməsindən də danışıb: "Mən əminəm ki, may ayında Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi ilə çox uğurlu tədbir baş tutacaq. Azərbaycan COP29 təcrübəsində də çox yaxşı iş gördü və bu təcrübə indi də tətbiq olunur. Buna görə heç bir şübhəm yoxdur ki, hər şey uğurla başa çatacaq.
Mən şəxsən hər iki həftədən bir UN-Habitat və digər BMT qurumlarının nümayəndələri ilə görüşürəm və hazırlıq prosesini izləyirəm. Olimpiya Stadionu, pavilyonların tikintisi və ümumi hazırlıq prosesini də görürəm. Hər şeyin vaxtında hazır olacağına əminəm.
Bizim tərəfimizdən isə ən yüksək səviyyədə iştirak olacaq. UN-Habitat-ın icraçı direktoru, BMT baş katibinin müavini Əminə Ceyn Məhəmməd və digər yüksək vəzifəli BMT rəsmiləri forumda iştirak edəcəklər. Həmçinin müxtəlif BMT ofislərindən çoxlu yüksək səviyyəli nümayəndələr gələcək.
Biz həm də dövlət başçıları və dəvət olunan nazirlərlə
görüşməkdən məmnunuq. Bu, dünya üçün mühüm bir toplantı olacaq.
Müqavilələr və memorandumlarla bağlı isə, hər agentliyin ayrı-ayrı
nazirliklərlə iş planları var. Amma BMT olaraq əməkdaşlıq çərçivəsi
bizə ümumi bir “çətir” rolunu oynayır və bütün sahələrdə
fəaliyyətimizi koordinasiya etməyə imkan verir. Biz artıq həmin
razılaşma əsasında işləməyə səlahiyyətləyik".
