...

Deputat kişi və qadınlar arasında bərabər maaşın tətbiqi ilə bağlı yeni təkliflər verib

Cəmiyyət Materials 10 Aprel 2026 13:00 (UTC +04:00)
Deputat kişi və qadınlar arasında bərabər maaşın tətbiqi ilə bağlı yeni təkliflər verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud qanunvericilikdə bərabərlik prinsipi əsasən eyni və ya oxşar işlərlə məhdudlaşdırılır. Lakin müasir əmək bazarında müxtəlif peşələr arasında dəyər fərqlərinin subyektiv qiymətləndirilməsi çox zaman gizli gender bərabərsizliyinə səbəb olur. Dəyişiklik məhz bu boşluğu aradan qaldırmağa yönəlib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsi və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, layihədə işəgötürənin vəzifələri daha konkretləşdirilir və bərabər əməkhaqqının təmin edilməsi birbaşa hüquqi öhdəlik kimi müəyyən edilir. Bu yanaşma normativ çərçivədə deklarativlikdən praktik icra mexanizminə keçid deməkdir. “Bərabər dəyərli iş” anlayışının müəyyənləşdirilməsi üçün meyarlar – əmək şəraiti, əmək funksiyasının xarakteri və tarif-ixtisas göstəriciləri hüquqi tətbiq baxımından vacibdir, çünki normanın icrası üçün ölçülə bilən və obyektiv kriteriyalar təqdim olunur.

Deputat vurğulayıb, layihədə diqqət çəkən məqamlardan biri də işin dəyərinin müəyyən edilməsinin işəgötürənin səlahiyyətinə verilməsidir:

“Bu yanaşma idarəetmə baxımından çevikliyi təmin etsə də, eyni zamanda potensial risklər də yarada bilər. Çünki subyektiv qiymətləndirmə imkanları qalır və bunun, normanın effektivliyinə təsir göstərəcəyi ehtimalı var. Bir sıra məqamların dəqiqləşdirilməsi məqsədəuyğun olardı:

  • Əvvəla, “bərabər dəyərli iş” anlayışının müəyyən edilməsi üçün metodologiyanın yalnız işəgötürənin deyil, eyni zamanda müstəqil qiymətləndirmə mexanizmləri və ya dövlət tərəfindən təsdiq olunmuş standartlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa, daha yaxşı olar.
  • Əməkhaqqı bərabərsizliyi ilə bağlı mübahisələr zamanı sübutetmə yükünün bölgüsü daha aydın şəkildə müəyyən edilməlidir. Xüsusilə də işçinin hüquqlarının qorunması üçün işəgötürənin əsaslandırma öhdəliyi daha da genişləndirilməlidir”.

E.Mirzəbəyli qeyd edib ki, dəyişikliklər ölkəmizin sosial dövlət modelinin gücləndirilməsi və inklüziv əmək bazarının formalaşdırılması istiqamətində ardıcıl siyasətin tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti