Bakı. Trend:
Transxəzər fiber-optik kabel layihəsinin Orta Dəhliz təşəbbüsünə və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) təşəbbüsünə daxil edilməsi müzakirə olunur.
Bu barədə Trend beynəlxalq şirkətlər qrupu "NEQSOL Holding"ə istinadən məlumat verir.
Bildirilib ki, "NEQSOL Holding"in direktorlar şurasının üzvü Kirill Rubinski birgə layihələrin inkişaf perspektivlərini, beynəlxalq telekommunikasiya marşrutlarının genişləndirilməsini və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə etmək məqsədilə SAMRUK-KAZYNA SWF suveren fondunun rəhbəri Nurlan Jaqıpov ilə görüşüb.
“Xüsusi diqqət "NEQSOL Holding"ə daxil olan "AzerTelecom" və “Samruk-Kazyna” ASC-yə daxil olan “Kazakhtelecom” ASC arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən strateji əhəmiyyətli təşəbbüs – Transxəzər fiber-optik layihəsinə yönəldilib.
Layihə Xəzər dənizi vasitəsilə sualtı fiber-optik rabitə xəttinin çəkilməsini nəzərdə tutur. Təxminən 380 km uzunluğunda olacaq xətt Aktau (Qazaxıstan) ilə Sumqayıtı (Azərbaycan) birləşdirəcək və Xəzər regionunda ilk sualtı fiber-optik kabel olacaq”, – deyə şirkətlər qrupu bildirib.
“Biz beynəlxalq texnologiya şirkətləri tərəfindən yeni və dayanıqlı marşrutlara yüksək tələbatın olduğunu görürük. Transxəzər fiber-optik layihəsi regionu qlobal rəqəmsal infrastruktur şəbəkəsində əsas qovşaq kimi mövqeləndirir”, – deyə Kirill Rubinski bildirib.
Məlumata görə, hazırda layihə aktiv icra mərhələsindədir:
“Layihə məlumatların etibarlı ötürülməsini təmin edəcək, rəqəmsal infrastrukturun inkişafına töhfə verəcək və data mərkəzlərinin, eləcə də beynəlxalq “Big Tech” şirkətlərinin cəlb olunması üçün şərait yaradacaq”.
Qeyd olunub ki, müzakirələr zamanı Transxəzər fiber-optik layihəsinin TRIPP və Orta Dəhliz kimi beynəlxalq və regional təşəbbüslərə daxil edilməsi, eləcə də bu istiqamətin təşviqi üzrə birgə addımlar da nəzərdən keçirilib.
“Görüş tərəfdaşlığın yüksək səviyyəsini və tərəflərin regional data mərkəzləri və rəqəmsal qovşaqlar da daxil olmaqla iri infrastruktur layihələrinin həyata keçirilməsinə, həmçinin faydalı qazıntıların hasilatı da daxil olmaqla digər sahələrdə mümkün əməkdaşlığa ümumi sadiqliyini təsdiqləyib”, – məlumatda deyilir.
"NEQSOL Holding" telekommunikasiya, energetika, yüksək texnologiyalar, tikinti və dağ-mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. "NEQSOL Holding"ə daxil olan "Azerconnect Group"un törəmə şirkəti "AzerTelecom" Azərbaycanda magistral internet provayderidir.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
Bu barədə Trend beynəlxalq şirkətlər qrupu NEQSOL Holding-ə istinadən məlumat verir.
