Bakı. Trend:
İran, ABŞ və İsrail arasında 2 həftəlik atəşkəsin razılaşdırılmasına baxmayaraq, Küveyt və Səudiyyə Ərəbistan İran və onun müttəfiqləri tərəfindən dron hücumlarına məruz qaldıqlarını bildirirlər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Küveyt XİN-in açıqlamasında deyilir ki, pilotsuz uçuş aparatları hücumları cümə axşamı gecəsi Küveytin bəzi həyati əhəmiyyətli obyektlərini hədəfə alıb.
Eyni zamanda, Səudiyyə Ərəbistanının dövlətə məxsus Saudi Press Agency agentliyi anonim rəsmi şəxsə istinadən bildirir ki, müharibə çərçivəsində baş vermiş son hücum ölkənin mühüm Şərq–Qərb neft kəmərinə ziyan vurub. Bu kəmər nefti Qırmızı dənizə nəql edir və İranın hərbi əməliyyatlarda fasilə olmasına baxmayaraq nəzarətdə saxladığı Hörmüz boğazından yan keçməyə imkan verir.
Küveytin açıqlamasından sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzi ölkələrinə qarşı hücumlar həyata keçirdiyini inkar edib. SEPAH bunu ABŞ və İsrailin dezinformasiyası kimi qələmə verib.
