...

İran danışıqlar üçün ABŞ-yə şərt qoydu

Dünya xəbərləri Materials 10 Aprel 2026 13:31 (UTC +04:00)
İran danışıqlar üçün ABŞ-yə şərt qoydu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Müharibənin dayandırılması ilə bağlı danışıqların aparılması ABŞ-nin bütün cəbhələrdə, xüsusilə Livanda atəşkəs öhdəliklərinə riayət etməsi ilə şərtlənir.

Trend xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib.

İsmayıl Bəqai jurnalistlər üçün açıqlamasında İsrailin Livanda törətdiyi cinayətləri qətiyyətlə pisləyib.

“Livanda müharibənin dayandırılması Pakistan tərəfindən irəli sürülən atəşkəs razılaşmasının ayrılmaz hissəsidir və həmin ölkənin baş nazirinin də açıq şəkildə bəyan etdiyi kimi, ABŞ bütün cəbhələrdə, o cümlədən Livanda müharibəni dayandırmağı öhdəsinə götürüb. Bu öhdəliyə zidd hər hansı addım və ya mövqe ABŞ-nin öhdəliklərinə əməl etməməsi kimi qiymətləndiriləcək.”,- o bildirib.

Bəqai gözlənilən danışıqların vaxtı və məkanı ilə də bağlı açıqlama verib.

“Pakistan hökuməti hər iki tərəfi İslamabada səfər etməyə və danışıqlar aparmağa dəvət edib. Bu məsələ hazırda nəzərdən keçirilir və planlaşdırılır. Lakin şübhəsiz ki, hər hansı danışıqların keçirilməsi ABŞ-nin bütün cəbhələrdə atəşkəs öhdəliklərini yerinə yetirəcəyinə dair təminatın əldə olunmasından asılıdır.”

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti