Bakı. Trend:
Oxuyub-anlama bacarıqları Azərbaycan təhsil sisteminin ən həssas və inkişaf etdirilməli istiqamətlərindən biridir.
Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib.
“Bu mənada hesab edirəm ki, məhz oxuyub-anlama bacarıqlarını daha geniş şəkildə ölçməliyik. Baxmayaraq ki, cəmiyyətdə müəyyən müqavimət var, həmçinin repetitorluq sisteminin də bu istiqamətdə müəyyən təsirləri hiss olunur, biz yenə də bu bacarıqların qiymətləndirilməsini gücləndirməliyik. Ola bilər ki, nəticələr ilkin mərhələdə aşağı düşsün, suallar çətin görünsün və ya insanlarda geriləmə təəssüratı yaransın. Lakin bu, reallığın ölçülməsi baxımından vacibdir. Çünki uzunmüddətli perspektivdə oxuyub-anlama bacarıqları hər bir şəxsin peşəkar inkişafında həlledici rol oynayır.
İmtahan məzmunu ilə real həyat tələbləri arasında uyğunluğun təmin olunması da əsas müzakirə mövzularından biri olmalıdır. Bu, birmənalı çıxış yolu deyil, lakin düşünürəm ki, bu kimi məsələlər geniş müzakirə edilməlidir. Məsələn, şəxsi fikrim olaraq hesab edirəm ki, yaxşı hüquqşünas olmaq üçün tarix və riyaziyyat bilikləri də mühüm rol oynayır. Bu baxımdan, imtahan sualları ilə həyatda tələb olunan bacarıqlar arasında uyğunluğun axtarılması vacib istiqamətlərdən biridir. Bu prosesdə Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi mühüm rol oynasa da, ilkin mərhələdə bu məsələlər cəmiyyət səviyyəsində müzakirə olunmalıdır".
