Bakı. Trend:
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” mahiyyət etibarilə geniş siyasi, iqtisadi və humanitar məzmun kəsb edən beynəlxalq sənəddir. Bu sənəd hüquqi baxımdan vətəndaşların sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və sadələşdirilmiş qaydada dəyişdirilməsini nəzərdə tutur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin təqdimatı zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycan və Belarus arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq əsasında inkişaf edib. Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində konkret layihələr və qarşılıqlı maraqlar üzərində qurulub:
“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin effektivliyi bu münasibətlərin birbaşa vətəndaşların gündəlik həyatına təsiri ilə ölçülür. Bu saziş isə Azərbaycan və Belarus vətəndaşlarının hərəkət imkanlarını genişləndirir və əlavə bürokratik maneələri aradan qaldırır.
Digər tərəfdən, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması dövlətlər arasında hüquqi sistemlərə və inzibati institutlara olan yüksək etimadın göstəricisidir. Belə bir mexanizmin tətbiqi o deməkdir ki, tərəflər bir-birinin standartlarını, təhlükəsizlik meyarlarını qəbul edirlər”.
Deputat vurğulayıb ki, Sazişin nəqliyyat və logistika sahəsindəki əməkdaşlığa da müsbət təsiri var:
“Azərbaycan artıq regionun mühüm nəqliyyat və tranzit mərkəzidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz üçün beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Bu baxımdan, təqdim olunan saziş yalnız fərdi vətəndaşların deyil, həm də biznes subyektlərinin fəaliyyətinə müsbət təsir göstərərək iqtisadi əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.
Belə sənədlər dövlətlərarası münasibətlərin dayanıqlığını təmin edən mühüm elementlərdən biridir. Çünki əməkdaşlıq nə qədər konkret və praktik sahələrdə qurularsa, onun davamlılığı da bir o qədər yüksək olur”.
E.Mirzəbəyli əlavə edib ki, bugünkü mürəkkəb beynəlxalq şəraitdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının həyata keçirdiyi çoxşaxəli, çevik və istisnasız olaraq milli maraqlara xidmət edən xarici siyasət məhz belə münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə xidmət edir.
“Belarus ilə münasibətlər də bu siyasətin uğurlu istiqamətlərindən biridir. Təqdim olunan saziş bu münasibətlərin hüquqi və praktiki əsaslarını daha da möhkəmləndirərək, əməkdaşlığın yeni sahələrdə genişlənməsi üçün zəmin yaradır. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yekdil rəyinə görə, sənədin qəbul edilməsi həm dövlətlərarası münasibətlərin inkişafına, həm də vətəndaşlarımızın maraqlarının təmin olunmasına xidmət edəcək”, - deyə o fikrini yekunlaşdırıb.
