...

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 9 Aprel 2026 17:42 (UTC +04:00)
Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 – 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə,17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 – 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspress avtobus marşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti