...

Azərbaycan və Pakistan xarici işlər nazirləri ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar

Siyasət Materials 9 Aprel 2026 17:13 (UTC +04:00)
Azərbaycan və Pakistan xarici işlər nazirləri ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

8 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayaraq, bunun gərginliyin azaldılması, sabitliyin möhkəmləndirilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından mühüm addım olduğunu vurğulayıb.

Dost və qardaş Pakistan tərəfinin atəşkəsin əldə olunması istiqamətində oynadığı mühüm rol xüsusilə təqdir olunub. Pakistana bölgədə sülh və sabitliyin təşviqi, tərəflər arasında dialoqun qurulması və etimadın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə, habelə qarşıdan gələn İslamabad danışıqlarında uğurlar arzulanıb. İslamabad danışıqlarının müsbət nəticələnəcəyinə ümid ifadə olunub.

Nazir Ceyhun Bayramov Pakistanın ardıcıl və prinsipial mövqeyini, habelə konstruktiv təşəbbüslərini yüksək qiymətləndirib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və Azərbaycan-Pakistan tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti