Bakı. Trend:
İranın qonşu ölkələrlə sərhəd əlaqələrinə ciddi şəkildə önəm verilməlidir.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq İranın Yol və Nəqliyyat Təşkilatının rəyasət heyətinin üzvləri ilə təşkil olunan iclasda deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail ilə müharibə İranı bəzi məsələlərdə daha da sayıq olmağa istiqamətləndirib.
Sadeq bildirib ki, mövcud şəraitə əsasən bəzi layihələr və prioritetlər yenidən nəzərdən keçirilməlidir. Yerli məsələlərlə əlaqədar milli və beynəlxalq səviyyədə layihələrə diqqət yetirilməlidir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.
