...

Azərbaycan regionda qarşıdurmaların deyil, dialoq və sabitliyin tərəfdarı kimi çıxış edir - Elçin Mirzəbəyli

Siyasət Materials 8 Aprel 2026 19:50 (UTC +04:00)
Azərbaycan regionda qarşıdurmaların deyil, dialoq və sabitliyin tərəfdarı kimi çıxış edir - Elçin Mirzəbəyli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı təkcə diplomatik etiket çərçivəsində həyata keçirilmiş bir təmas deyil, həm də regionda formalaşmaqda olan yeni geosiyasi reallıqların fonunda strateji məzmun daşıyan mühüm siyasi jest kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Millət vəkilinin sözlərinə görə, xüsusilə İran ilə ABŞ arasında iki həftəlik atəşkəsin elan olunması fonunda bu zəngin baş tutması Azərbaycanın regional sabitliyə verdiyi önəmin, eyni zamanda qonşuluq münasibətlərində prinsipial və ardıcıl xətt yürütmək iradəsinin bariz nümunəsidir:

"Məlumdur ki, beynəlxalq münasibətlər sistemində böhran və gərginlik dövrlərində dövlətlərin davranışı onların real niyyətlərini və strateji prioritetlərini daha aydın şəkildə ortaya qoyur. İranın mürəkkəb təhlükəsizlik çağırışları ilə üzləşdiyi bir dövrdə Azərbaycanın sərgilədiyi mövqe hər zaman bəyanatlarla məhdudlaşmayaraq konkret addımlarla müşayiət olunub. Bu baxımdan rəsmi Bakının atəşkəsin əldə olunmasını müsbət qiymətləndirərək ilk təbrik edən tərəf olması, regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş siyasi iradənin ifadəsidir".

Deputat qeyd edib ki, Azərbaycanın İran üçün ağır günlərdə dost olduğunu göstərən faktlar kifayət qədərdir və bunlar sistemli xarakter daşıyır:

"İlk növbədə qeyd olunmalıdır ki, gərginlik dövründə Azərbaycan-İran sərhədinin sabitlik və təhlükəsizlik məkanı kimi öz funksionallığını qoruyub saxlaması çox mühüm amildir. Müxtəlif dairələr tərəfindən məqsədli şəkildə formalaşdırılmağa çalışılan spekulyativ iddialara baxmayaraq, Azərbaycan ərazisinin İrana qarşı hər hansı hərbi və ya təhlükəsizlik təhdidi üçün istifadə olunması ilə bağlı bu günədək heç bir fakt ortaya qoyulmayıb və qoyulması da mümkün deyil. Əksinə, rəsmi Bakı ardıcıl şəkildə öz ərazisinin üçüncü tərəflərə qarşı istifadə edilməsinə yol vermədiyini nümayiş etdirib ki, bu da beynəlxalq hüququn fundamental prinsiplərinə və qonşuluq münasibətlərinin etik çərçivəsinə tam uyğundur.

Ölkəmizin mövqeyində digər mühüm məqam isə humanitar və mənəvi dəstək aspektində özünü göstərir. İranın Ali Lideri Əli Xamenei ilə bağlı baş vermiş hadisə fonunda Prezident İlham Əliyevin ilk başsağlığı verən dövlət başçılarından biri olması və şəxsən İran səfirliyinə gedərək ehtiramını bildirməsi, münasibətlərin yalnız siyasi deyil, həm də mənəvi-etik müstəvidə qurulduğunu göstərir. Bu addım diplomatik protokol çərçivəsini aşaraq, xalqlar arasında qarşılıqlı hörmət və həmrəylik prinsiplərinin təzahürünə çevrilib.
Eyni zamanda, Azərbaycanın İrana iki dəfə humanitar yardım göndərməsi də rəsmi Bakının mövqeyinin konkret əməli addımlarla təsdiqləndiyini göstərir. Bu yardımlar təkcə humanitar jest deyil, həm də regional əməkdaşlıq və yaxın qonşuluq münasibətlərinin praktik ifadəsidir. Belə bir yanaşma, xüsusilə sanksiyalar və xarici təzyiqlərlə üzləşən İran üçün ciddi əhəmiyyət kəsb edir".

Millət vəkili Azərbaycanın İranı atəşkəs münasibətilə təbrik edən ilk ölkə olmasına diqqət çəkib:

"Atəşkəsin elan olunmasından dərhal sonra Azərbaycanın bu prosesi dəstəkləyərək İranı atəşkəs münasibətilə təbrik edən ilk ölkə olması isə siyasi ardıcıllığın və qarşılıqlı münasibətlərə verilən önəmin növbəti təsdiqidir. Bu fakt bir daha göstərir ki, Azərbaycan regionda qarşıdurmaların deyil, dialoq və sabitliyin tərəfdarı kimi çıxış edir və bu mövqeyini situativ deyil, prinsipial əsasda formalaşdırır.

Bütün sadalanan məqamlar Azərbaycanın İrana münasibətdə sərgilədiyi dostluq və etimad siyasətinin sistemli və düşünülmüş xarakter daşıdığını təsdiqləyir. Bu siyasət emosional yanaşmadan deyil, milli maraqların düzgün qiymətləndirilməsindən, regional sabitliyin qorunması zərurətindən və qonşuluq münasibətlərinin strateji əhəmiyyətindən irəli gəlir.

Eyni zamanda qeyd etmək lazımdır ki, İranda müəyyən dairələr tərəfindən zaman-zaman Azərbaycana qarşı formalaşdırılmağa çalışılan mənfi imicin və “təhlükə” narrativinin bu reallıqlar fonunda davamlılıq qazanması getdikcə çətinləşir. Azərbaycanın konkret addımlarla ortaya qoyduğu mövqe həmin iddiaların əsassızlığını açıq şəkildə nümayiş etdirir. Ümid etmək olar ki, bu reallıqlar İran daxilində daha rasional yanaşmanın formalaşmasına və Azərbaycanla münasibətlərə ideoloji deyil, praqmatik prizma ilə baxılmasına zəmin yaradacaq".

Elçin Mirzəbəyli sonda bildirib ki, bütövlükdə, Prezident İlham Əliyevin Prezident Məsud Pezeşkiana zəngi və bu çərçivədə səsləndirilən mesajlar yalnız diplomatik nəzakət nümunəsi deyil, həm də Azərbaycanın regionda sülh, sabitlik və qarşılıqlı etimada əsaslanan münasibətlər sisteminin qurulmasına yönəlmiş ardıcıl siyasətinin məntiqi davamıdır:

"Bu siyasət həm regional təhlükəsizlik baxımından, həm də uzunmüddətli geosiyasi balansın qorunması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti