Bakı. Trend:
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə qapalı keçirilən görüşdə müttəfiqlərdən məyus olduğunu deyib.
Trend xəbər verir ki, bu barədə NATO-nun Baş katibi məlumat verib.
"Donald Trampla çox açıq və səmimi söhbətimiz oldu. Trampa əksər Avropa ölkələrinin onu dəstəklədiyini söylədim", - deyə Mark Rutte əlavə edib.
ABŞ Prezidenti isə sosial media hesabında paylaşım edərək yazıb: "NATO ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenidən ehtiyac duysaq da, olmayacaq".
Qeyd edək ki, ABŞ Prezidenti və NATO-nun Baş katibi arasında Ağ Evdə qapalı görüş keçirilib. Görüşdə ABŞ-NATO münasibətləri, İranla əldə olunan atəşkəs və digər məsələlər müzakirə edilib. Görüşün yekunları barədə açıqlama verilməyib.