...

"Cəfər Cabbarlı" stansiyasında piyada keçidi nə zaman istifadəyə veriləcək? (FOTO)

Gündəm Materials 8 Aprel 2026 11:14 (UTC +04:00)
"Cəfər Cabbarlı" stansiyasında piyada keçidi nə zaman istifadəyə veriləcək? (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

"Cəfər Cabbarlı" stansiyasında xətlərin ayrılması layihəsi çərçivəsində yeni piyada keçidi “Cəfər Cabbarlı” stansiyasının platformasına birbaşa, sürətli və ən qısa hərəkət istiqaməti yaradacaq.

Trend xəbər verir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla da sərnişin axınını “Dərnəgül” və “Xətai” istiqamətinə ayırmaqla “28 May” stansiyasında daha nizamlı və təhlükəsiz hərəkət təmin olunacaq:

“Bu keçid “28 May” stansiyasına daxil olan sərnişinlərin giriş-çıxışı üçün də növbəti əlverişli şərait yaradacaq. Sərnişinlər “Cəfər Cabbarlı” stansiyasından istifadə etməklə ən qısa yolla “28 May” stansiyasının platformasına daxil ola biləcəklər. Beləliklə, “28 May” stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə, rahat və sürətli daxil olmağa imkan verəcək, eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.

Keçidin inşası üçün qazıntı işləri və metal konstruksiyalı tunelin quraşdırılması artıq tamamlanıb”.

Qurum rəsmisi qeyd edib ki, hazırda “28 May” stansiyasının platforması ilə birləşmə hissəsində işlər davam edir. Paralel olaraq, üç hissədən ibarət pilləkənlərdə metal karkas qurularaq betonlama işlərinə hazırlıq görülür. Yekun mərhələdə üzləmə işləri aparılacaq piyada keçidinin yeni tədris mövsümünə qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 200 metrə yaxın tunelin inşası başa çatana qədər qatarların hərəkəti "İçərişəhər-Əhmədli" (habelə "Əhmədli-Həzi Aslanov" məkik hərəkət mənzili), "Dərnəgül-Nizami" və indiki kimi "Cəfər Cabbarlı-Xətai" olmaqla təşkil ediləcək. Tikintinin növbəti mərhələsində sərnişinlər "28 May" və "Nizami" stansiyaları arasında yerüstü nəqliyyatdan istifadə edəcəklər.

Tunelin inşasının "Dərnəgül" elektrik deposunun birinci mərhələsi tamamlandıqdan sonra 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Eləcə də müvafiq digər avadanlıq, qurğu və sistemlərin quraşdırılması başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər-Həzi Aslanov") və Yaşıl ("Dərnəgül-Xətai") xətlər tam müstəqil fəaliyyət göstərməyə başlayacaq.

Sərnişinlər Yaşıl xətdən Qırmızı xəttə və əksinə "28 May-Cəfər Cabbarlı" keçidindən istifadə edəcəklər.

Qeyd edək ki, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Bakı metrosunun genişləndirilməsi layihəsinin növbəti mərhələsi üçün Azərbaycana 700 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Layihə çərçivəsində təxminən 8 kilometr uzunluğunda iki paralel tunelin qazılması və 4 yeni yeraltı metro stansiyasının tikintisi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti