Minsk. Trend
Minsk və Gəncə zavodları arasında imzalanan yeni saziş Azərbaycan ilə Belarus arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
Bunu Trend-ə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil Zavodunun şassisi əsasında yeni kommunal texnika partiyasının (100 ədəd) yığılması haqqında sazişin imzalanma mərasimində deyib.
Bu saziş Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb.
"Gəncə Avtomobil Zavodu ilə Minsk Avtomobil Zavodu arasında əməkdaşlıq 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfərindən sonra başlayıb. Həmin vaxt belaruslu tərəfdaşlarla əməkdaşlığa başlamaq tapşırığı verilib. Bu günə qədər təxminən 15 min traktor, 4 minə yaxın MAZ markalı avtomobil istehsal olunub və əməkdaşlıq davam edir. Martın 2-də əməkdaşlığımız çərçivəsində istehsal olunan ilk kommunal maşın partiyası Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Dövlət başçısının verdiyi yüksək qiymət səmərəli əməkdaşlığın genişləndirilməsinə stimul olub. Dövlət başçılarımızın Şuşada əldə etdiyi razılaşma çərçivəsində kommunal texnikanın birgə yığılması ilə bağlı biz hazırda Minskdəyik və müvafiq sazişi imzalayırıq. İstehsal etdiyimiz texnika müasir keyfiyyət standartlarına və bazar tələblərinə cavab verir və Azərbaycanın bütün şəhərlərində istifadə olunur", — deyə Xanlar Fətiyev qeyd edib.
Sənəd «MAZ» ASC-nin baş direktoru Valeri İvankoviç ilə birlikdə imzalanıb.
Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal texnika Gəncədə hazırlanaraq yığılmış müasir avadanlıqla təchiz olunur. Bu texnika respublika üzrə şəhər infrastrukturunun xidmətində istifadə üçün nəzərdə tutulub. Layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.
