Bakı. Trend:
Livanın “Hizbullah” hərəkatı ABŞ-İran arasında elan olunmuş müvəqqəti atəşkəs razılaşması çərçivəsində İsrailin şimalına və Livanda əməliyyat keçirən İsrail quru qoşunlarına yönəlmiş hücumları dayandırdığını elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İsrail mediasının yazdığına görə, Hizbullahın yaxın zamanda atəşkəslə bağlı rəsmi mövqeyini aydınlaşdıran geniş bəyanat yayacağı gözlənilir.
İsrail Müdafiə Qüvvələri hal hazırda Livanın cənubunda quru əməliyyatı keçirir, paralel olaraq hazırlıq görülən hava zərbələri ərəfəsində Sur şəhərinin sakinlərinə təxliyə xəbərdarlığı edilib.
Bundan əvvəl İsrail Baş naziri Binyamin Netanyahu ABŞ-İran atəşkəsr razılaşmasının Livana aid olmadığını bəyan etmişdi.
Qeyd edək ki, aprelin 7-də ABŞ və İran arasında müvəqqəti atəşkəs razılaşması əldə olunsa da, İsrail Baş naziri Binyamin Netanyahu bu razılaşmanın Livanı əhatə etmədiyini diqqətə çatdırmışdı.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardan biri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaq öhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraq danışıqlara hazırlaşırlar.
