Bakı. Trend:
Mədəniyyət Nazirliyi Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun Nazirliyə çağırılması məsələsinə münasibət bildirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, teatrın bəzi əməkdaşlarının narazılıqlarına həssas yanaşılır.
Bildirilib ki, hazırda məsələ ilə bağlı bütün tərəflərin mövqeyi araşdırılır və proses Nazirliyin diqqətində saxlanılır. Zərurət yarandığı halda, vəziyyətə institusional səviyyədə müdaxilə mexanizmləri tətbiq edilə bilər.
Nazirlik qeyd edib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı mediada səsləndirilən məsələlərdən xəbərdardır və bu cür hallara diqqətlə yanaşır.
“Bizim üçün əsas prinsip mədəniyyət müəssisələrinin qarşıdurma deyil, əməkdaşlıq məkanı olmasıdır. Hər hansı fikir ayrılığı emosional müstəvidə deyil, dialoq və qarşılıqlı anlayış çərçivəsində həllini tapmalıdır
Həm teatr rəhbərliyi, həm də narazılıq bildirən əməkdaşlarla ünsiyyət imkanlarının açıq olduğu qeyd edilib. Zərurət yaranarsa, Nazirlik platformasında müzakirələrin təşkili mümkündür”, – deyə məlumatda vurğulanıb.
Nazirliyin əsas məqsədinin vəziyyəti obyektiv qiymətləndirmək, balanslı qərarların qəbulunu təmin etmək və kollektivin normal iş ritmini qorumaq olduğu bildirilib.
Xatırladaq ki, bir neçə gündür, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr gedir.
