...

Aqrar sığorta yeni məhsulları sığortalayacaq: subasma zərərləri üzrə ödənişlər artacaq

İqtisadiyyat Materials 8 Aprel 2026 09:55 (UTC +04:00)
Aqrar sığorta yeni məhsulları sığortalayacaq: subasma zərərləri üzrə ödənişlər artacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə aqrar sığorta vasitəsilə daha bir sıra məhsulları sığortalamaq mümkün olacaq.

Bunu Trend-ə açıqlamasında Aqrar Sığorta Fondunun (ASF) idarə heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova deyib.

O bildirib ki, hazırda fond tərəfindən həm bitkiçilik, həm heyvandarlıq, eləcə də balıqçılıq məhsullarının sığortalanması həyata keçirilir ki, bitkiçilik üzrə 41 növ bitkinin, hansı ki, bunun içərisinə həm taxıllar, həm çəyirdəklilər, həm texniki bitkilər, həm qərzəklilər, yəni çox geniş sayda bitkilərin sığortalanması nəzərdə tutulub: “Heyvanlar üzrə isə iri və xırda buynuzlu heyvanların ətlik və südlük istiqamətdə olmaqla sığortalanması təmin edilir. Gələcək planların içərisində, eləcə də qanunvericilik təşəbbüslərini nəzərə alsaq, quşçuluq, arıçılıq təsərrüfatlarının sığortalanması nəzərdə tutulur, bununla bağlı artıq qanunvericilikdə də təşəbbüslə çıxış edilmişdir. Əlavə olaraq 9 növ yeni bitkinin siyahıya əlavə edilməsi gözlənilir. Buraya feyxoa, kivi, bibər, badımcan və sair bitkilər aiddir. Gələcəkdə müvafiq qaydalar qəbul ediləndən sonra bu bitkilərin də sığortalanması nəzərdə tutulur”.

Sədr müavini eyni zamanda sel-subasma hadisələri ilə əlaqədar sığorta hadisələrindən də danışıb. Onun sözlərinə görə, sel-subasma hadisəsi nəticəsində təkcə bayram günlərində, martın 20-dən bu günə qədər 3 min hektara yaxın əkin ərazisinə zərər dəyməsi ilə bağlı fonda müraciət daxil olub: “Sığorta müqaviləsi üzrə müraciətlərin sayı təxminən 300-ə yaxındır. Müraciətlərin böyük hissəsi sel-subasma hadisələri ilə əlaqədardır. Bu onu göstərir ki, bu il bizim sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel-subasma riskindən olacaqdır”.

Sədr müavini Aqrar Sığorta Fonduna bölgələr üzrə ən çox daxil olan müraciətlərdən də bəhs edib: “Son günlər bizə olan müraciətlərin dinamikasına əsasən deyə bilərik ki, bu qeyri-sabit hava şəraiti, təbii ki, kənd təsərrüfatından yan keçməyib və ciddi ziyanlar vurub.

Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi regionlarından daha çox müraciətlər daxil olub. Belə hadisələrin ən çox baş verdiyi ərazi kimi, xüsusilə Şabran və Xaçmaz rayonlarını qeyd edə bilərik. Subasma hadisələri təkcə əkin sahələrinə, yəni arpa və buğda sahələrinə deyil, meyvə bağlarına da - gilas, heyva, armud, badam və sair bağlara da zərər vurub, bununla bağlı fermerlərdən bizə müraciət daxil olmuşdur. Hətta fermerlərin verdiyi məlumata görə, bəzi ərazilərdə əkin sahəsində suyun hündürlüyü 60 santimetrə qədər çatmışdır”.

Ləman Alıyeva-Məmişova eyni zamanda bu hadisələr üzrə fermerlərə dəyən zərərə görə ödənişlərin veriləcəyi tarixi də açıqlayıb: “İlk olaraq sığortalı fermerlərimizə səslənmək istəyirəm ki, hadisə baş verdikdən dərhal sonra – 10 gündən gec olmayaraq həm Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə, həm də aidiyyəti dövlət qurumlarına müraciət etsinlər. İkinci bir məqam, ödənişlə bağlı bildirmək istəyirik ki, əgər 100% məhvolma hadisəsi baş verməyibsə, sığorta ödənişləri bir qayda olaraq, qanunvericiliyin tələblərinə əsasən, yığım-biçim dövrlərində həyata keçirilir. Bunun səbəbi onunla əlaqədardır ki, bu dövrdə təbiət hadisələri yenidən baş verə, yəni fermerə dəyən zərər dəyişə bilər. Buna görə də ədalətli olsun deyə sığorta ödənişlərinin yığım-biçim dövründə ödənilməsi daha məqsədəuyğun hesab olunur. Amma əgər hadisə nəticəsində məhsulda tam məhvolma qeydə alınıbsa, sığorta ödənişi daha tez həyata keçirilir".

O vurğulayıb ki, son 3 ildə Aqrar Sığorta Fondu tərəfindən sel-subasma hadisələri üzrə fermerlərə ümumilikdə 4,5 milyon manat sığorta ödənişi edilib: “Təkcə ötən 2025-ci ilin dinamikasına baxsaq, baş verən hadisələrin ikinci ən çox hissəsini sel-subasma halları təşkil edir ki, birinci yerdə isə ödənişlərin həcminə görə, təbii ki, dolu hadisəsidir.

2025-ci ildə 3300 hektar əkin sahəsində sel-subasma hadisəsinə görə 1 milyon 227 min manat sığorta ödənişi edilib. 2023-cü ildə 7716 hektar əraziyə dəymiş zərər üzrə 1,6 milyon manat, 2024-cü ildə isə 6 697 hektar əkin sahəsinə dəymiş zərər üzrə 1,7 milyon manat ödəniş edilib. Yəni subasma hadisələri kifayət qədər tez-tez baş verir və bunu son günlər də müşahidə edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti