Bakı. Trend:
Rəqəmsal xidmətlər, ESG (Environmental, Social, Governance / Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) və süni intellektdən sonra yaxın illərdə yeni investisiya bumunun ən perspektivli namizədləri sırasında biotexnologiyalar, robototexnika və virtual reallıq yer alır.
Trend xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) “İnvestisiya meqahaypının dalğaları” adlı hesabatında qeyd olunub.
AAİB analitikləri yaxın 20 il üçün iri investisiyalar baxımından yeddi ən çox ehtimal olunan istiqaməti qeyd edirlər: biotexnologiyalar və uzunömürlülük, robotlar və avtonom sistemlər, kvant hesablamaları, virtual reallıq, enerji saxlanması və şəbəkələr, iqlim texnologiyaları və kosmik iqtisadiyyat. Müəlliflərin qiymətləndirməsinə görə, daha yaxın perspektivdə yeni dalğanın ən güclü namizədləri məhz biotexnologiya, robototexnika və virtual reallıqdır.
Hesabatda biotexnologiyalara xüsusi diqqət ayrılıb. Bunun səbəbi yalnız potensial bazarın həcmi deyil, həm də biotexnologiyaların qarşıdakı onilliklərin əsas çağırışlarından biri – əmək resurslarının çatışmazlığına cavab verə bilməsi ilə bağlıdır. Əhalinin qocalması fonunda sağlam və məhsuldar həyat müddətinin uzadılması qabiliyyəti getdikcə daha böyük iqtisadi dəyər qazanır.
Qiymətləndirmələrə görə, qlobal biotexnologiya bazarı 2024–2025-ci illərdə təxminən 1,9–2,2 trilyon ABŞ dolları təşkil edib və 2034-cü ilə qədər demək olar ki, 5,9 trilyon dollara çata bilər. Robototexnika da yüksək artım potensialı nümayiş etdirir: bazar 2025-ci ildə 64,8 milyard dollardan 2035-ci ilə qədər 376 milyard dollara qədər arta bilər. Virtual reallıq bazarı üzrə isə göstəricilər 2025-ci ildə təxminən 75 milyard dollar və 2035-ci ilə qədər 693 milyard dollar səviyyəsində qiymətləndirilir.
Bununla belə, hər bir yeni texnoloji dalğa yalnız imkanlar deyil, həm də həddindən artıq optimizm riski daşıyır. Hesabatda “kreativ özünüaldatma” anlayışından istifadə olunur – bu, texnologiyanın bəyan edilən vəziyyətinin onun real yetkinlik səviyyəsini xeyli qabaqladığı halları ifadə edir. Bu isə o deməkdir ki, investor və dövlət üçün əsas məsələ yalnız perspektivli istiqaməti düzgün müəyyənləşdirmək deyil, həm də onun inkişaf mərhələsini düzgün anlamaqdır.
Yeni texnoloji mühitdə əsas resurs perspektivli həlləri sürətlə mənimsəmək və miqyaslandırmaq bacarığına çevrilir. İnkişaf etməkdə olan iqtisadiyyatlar üçün bu, rəqabətin yalnız kapital uğrunda deyil, həm də yeni bazarlara inteqrasiya sürəti, kompetensiyalar və növbəti artım mərhələsinə institusional hazırlıq uğrunda aparılacağı anlamına gəlir.
